![]()
Cümə axşamı, 23.02.2012, 07:42
Saytımıza xoş gəlmişsiniz! Milli idman novü – Avarçəkmə: Binanın möhkəmliyi onun özülünün dərinliyindən asılıdır. Ciddi köklərə söykənən uğur davamlı olur. Bu baxımdan, yarandıqdan bəri qısa zaman kəsiyində Azərbaycan Milli Avarçəkmə Federasiyasının əldə etdiyi uğurlar heç də təsadüfi sayılmamalıdır. Çünki ölkəmizdə avarçəkmənin tarixi ənənələri, kütləvi auditoriyası və böyük nailiyyətləri var. Kütləvi auditoriyanın formalaşması və nailiyyətlərin əldə olunması ümummilli lider Heydər Əliyevin, tarixi ənənələrin bərpası isə onun layiqli davamçısı İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olub. Tarixi ənənələr: Azərbaycanda avarçəkmə növləri hələ 1936-cı ildən Bakı buxtası akvatoriyasında imkişaf etməyə başlayıb. Bundan üç il sonra üç yaxt-klub istifadəyə verilib. 1960-70-ci illərdə avarçəkmə ilə 11 idman təşkilatı məşğul olurdu. Onlar kütləviliyi və idman ustalarının hazırlığını təmin edirdilər. Lakin Azərbaycan avarçəkənləri 1980-ci ilin aprelində Mingəçevir şəhərində keçmiş Sovet İttifaqı miqyasında birləşmiş ərazi-inzibati eksperimental Olimpiya ehtiyatları mərkəzinin yaradılmasından sonra dünyada şöhrət qazanmağa başladılar. Bu da həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin digər sahələrə olduğu kimi, idmanın bu növünə də göstərdiyi diqqət və qayğı nəticəsində mümkün oldu. Keçmiş SSRİ miqyasında yeganə mərkəzləşdirilmiş avarçəkmə bazasının Azərbaycan ərazisində - Mingəçevir şəhərində salınması məhz ulu öndərin səyləri nəticəsində reallaşdı. Bu bazanın özünəməxsus xüsusiyyəti ondan ibarət idi ki, ilin istənilən fəslində hazırlıq prosesi keçməyə imkan yaradan, heç vaxt donmayan Kür çayının üzərində salınmışdı. Ona görə də ilboyu SSRİ yığmasının təlim-məşq bazası kimi istifadə olunurdu. 1980-ci ildən başlayaraq avarçəkənlərimiz nəinki Avropa və dünya çempionatları, hətta Olimpiya Oyunlarında medallar qazanmağa başladılar. Belə ki, akademik avarçəkənimiz Vasili Yakuşa 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında gümüş, 1988-ci il Seul Olimpiadasında isə bürünc medal qazandı. Moskva Olimpiadasında baydarka və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medala sahib çıxdı. 1982-ci ildə güləş, cüdo, boks üzrə cəmi 1 beynəlxalq dərəcəli idman ustamız var idisə, avarçəkmədə bu göstərici 7 nəfərə çatmışdı. Məhz möhkəm özülün nəticəsidir ki, hələ 1980-ci illərin sonlarında avarçəkmə növləri üzrə beynəlxalq dərəcəli idman ustalarının sayı ölkənin ümumi beynəlxalq dərəcəli ustalarının 26 faizini təşkil edirdi. Bütün bunlar avarçəkmənin ənənəvi idman növlərimizdən olduğuna dair real faktlardandır. Kütləvilik: "Kütləvi idman” termini, əsasən, iki mənada islənir. Birinci mənada sağlamlığın möhkəmləndirilməsi, istirahər və əyləncə ğöz önünə gəlir. İkinci məna isə insanın butun fəaliyyət növlərinə idmanın təsirini göcləndirən prosesin həyata keçirilməsi ilə bağlıdır. Hər bir idman növündə kütləvilik bir neçə faktordan – məşqçi kadrlarının, idman bazalarının, metodikanın, idman elminin olması, idmançıların hazırlıq şərtləri və digər məsələlərdən asılıdır. Tez-tez kütləvi idmanın miqyasının qiymətləndirilməsi subyektiv faktorlar əsasında həyata keçirilir. Avarçəkmənin kütləvilik miqyasını yüngül atletika, futbol və fərdi mübarizə növləri ilə eyniləşdirmək olmaz. Lakin istedadlar axtarışı məqsədilə çoxsaylı yarışlar keçirərək, avarçəkməyə kütləvi axını təmin etmək vacib şərtlərdəndir. Kütləvilik həm də tarixi ənənələrlə bağlıdır. Təbii ki, kütləvi axın olmayan idman növündə davamlı uğuru təmin etmək mümkün deyil. 1952-ci ildən 1992-ci ilədək keçmiş SSRİ-nin Olimpiya yığmasının heyətində Azərbaycanın ən çox təmsilçisi məhz idmanın avarçəkmə növündə olub. Azərbaycan avarçəkənlərinin təkcə 1980 və 1988-ci il Olimpiya Oyunlarında göstərdikləri nailiyyətləri bu idman növünə 1970-ci illərdə müşahidə olunan kütləvi axının əsas əlaməti kimi səciyyələndirmək olar. Milli idman növü: Azərbaycan idmançıları indiyədək müxtəlif idman növlərində uğur qazanıblar. Əksər hallarda uğurlar fərdi növlərdə əldə edilib. Lakin bir idman növündə qazanılan ardıcıl uğurlar heç də onun milli növ kimi qələmə verilməli olduğu kimi qəbul edilməməlidir. Milli növ daha çox təbii amillər nəticəsində formalaşır. Necə deyərlər, insanın qanına-canına hopur, damarlarında qaynayır. Xəzər dənizi, Kür çayı sahillərində doğulan insanların su idman növlərinə marağı genlə formalaşmaya, irsən keçməyə bilməz. Bu baxımdan, avarçəkmənin milli idman növü sayılmasında heç də təəccüblü məqam yoxdur. Amma bu, heç də avarçəkmənin ilk dəfə Azərbaycan xalqı tərəfindən icad olunduğu anlamını verməməlidir. Sadəcə, xalqımızın tarixən su idman növlərindən biri kimi avarçəkməyə bağlı olduğunu sübuta yetirən faktlar onu milli növ kimi xarakterizə olunmasını şərtləndirir. Milli növ yarışlarda qazanılan və ya qazanilmayan medallarla da ölçülmür. Bu fikri futbola dair faktla da sübuta yetirmək olar. İngiltərə futbolun beşiyi sayılsa da, indiyədək cəmi bir dəfə dunya çempionu ola bilib. Hətta iyunda Avstriya və İsveçrədə keçiriləcək Avropa çemrionatının final mərhələsinə vəsiqə əldə edə bilməyiblər. Lakin futbol yenə də İngiltərədə milli idman növü statusunu qoruyur. İngiltərənin futbol komandaları ilə isə hər zaman çətin rəqib kimi hesablaşıblar. Azərbaycan avarçəkənləri də keçmiş SSRİ yığmasının tərkibində çıxış edərkən, beynəlxalq miqyaslı yarışlarda medallar qazanmaqla yanaşı, kəskin raqabət mühiti formalaşdırıblar. Uğurları şərtləndirən amillər: Təbii ki, tarixi ənənələri, kütləviliyi və milliliyi avarçəkmənin nə zamansa yenidən inkişaf dövrünə qədəm qoyacağından xəbər verirdi. Sadəcə, bunun üçün bir təkan gərək idi. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar doğma yurd-yuvalarından didərgin düşən vətəndaşlarımızın bir qisminin Mingəçevir şəhərindəki "Kür” avarçəkmə bazasında məskunlaşması ilə əlaqədar bu idman növünün yenidən inkişafına maneələr meydana çıxırdı. 2006-cı ildə dövlətimizin başçısı İlham Əliyev problemin həlli yolunda mühüm qərar qəbul etdi. O, bazada məskunlaşmış qaçqınların daha münasib yerlərə köçürülməsinə və həmin ərazidə yeni bazanın inşasına dair sərəncam imzaladı. Prezidentimizin müdrikliyi onda oldu ki, bu bazanın bərpasına yox, müasir tələblərə cavab vermək şərtilə yenisinin tikintisinə göstəriş verdi. Artıq bir müddətdir ki, Gənclər və İdman Nazirliyi tərəfindən tikinti işlərinə start verilib və 2008-ci ilin sonları – 2009-cu ilin əvvəllərində baza hazır vəziyyətdə olacaq. Baza daxilində beş bina – 130 nəfərlik otel, 50 metr uzunluqda Olimpiya standartlarına uyğun 200 tamaşaçı tutumuna malik hovuz, qayıqların saxlanması və təmiri üçün qaraj, inzibati bina, voleybol, boks, güləş və digər növlərlə məşğul olanlar üçün 500 nəfərlik tribunaya malik idman zalı fəaliyyət göstərəcək. Həmçinin, baza daxilində hakimlər üçün qüllə, üç açıq tennis kortu, jurnalistlər üçün sektor və kafe nəzərdə tutulub. Avarçəkmənin dirçəlişi istiqamətində daha bir addım 2006-cı il dekabrın 9-da Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) təsis olunması ilə atıldı. Həmin gün Elçin Zeynalov AMAF-a prezident seçildi. Həmin tarixdən ötən qısa müddətdə - 15 ay ərzində bu federasiyanın müəyyən uğurlara imza atdığını görmək olar. Artıq Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasına (İCF) üzv qəbul olunan AMAF bu ildən müxtəlif beynəlxalq yarışlara, Avropa və dünya çempionatlarına, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdə təmsil olunacaq. Mingəçevir avarçəkmə bazası ilə yanaşı, Bakıdakı Hərbi Dəniz Qüvvələrinə məxsus idman klubunda yeni qurğu salınmağa başladı. Boy, dözümlülük, fiziki hazırlıq və digər məsələləri nəzərdə tutan antropometrik model vasitəsilə yeni idmançılar seçildi. Onlar ötən ilin noyabrında keçirilən beynəlxalq Mingəçevir reqatasında uğurla çıxış edərək, yarışa qatılan Gürcüstan avarçəkənlərindən üstün oldular. Ötən il dekabrın 14-də keçirilən hesabat konfransında çıxış edərkən, AMAF prezidenti qarşıda daha böyük hədəflərin durduğunu və əldə olunan nailiyyətlərin sayının daha da artırılacağını bildirdi: " Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən qayğının ən yüksək göstəricisi olaraq, Bakı şəhəri 2016-cı il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürüb. Cənab prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə keçirilən tədbirdə qeyd etdi ki, 2016-cı il Olimpiadasını keçirməyə nail ola bilməsək, növbəti 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyimizi irəli sürəcəyik. Praktika göstərir ki, çox nadir hallarda ilk cəhddəcə Olimpiada təşkil etmək mümkün olur. 2016-cı il üçün alınmasa, 2020-cı il Olimpiadasını təşkil etmə şanslarımız bir qədər də arta bilər. Həmin vaxtadək dövlətimiz daha qüvvətli olacaq, ölkə idmanında müşahidə olunan inkişaf mütləq öz bəhrəsini verəcək. Biz də Azərbaycan Milli Avarçəkmə Federasiyası olaraq, 2016 və ya 2020-ci il Olimpiadalarında ölkəmizi layiqincə təmsil etməyə hazır olmalıyıq. İnanıram ki, cəmi bir il ərzində əldə etdiyimiz nailiyyətlər qarşıdakı illərdə sürətlə artacaq, problemlərimiz isə tədricən aradan qaldırılacaq”. Görülən işlər ölkə rəhbərliyinin də diqqəti altındadır. 2007-ci il dekabrın 27-də keçirilən Milli Olimpiya Komitəsinin toplantısında prezidentimiz İlham Əliyev Mingəçevir avarçəkmə bazasının tikintisinin ölkəmizdə avarçəkmənin, habelə şəhərin özünün inkişafına təkan olacağını bildirib: "İdman infrastrukturunun möhkəmlənməsi üçün bölgələrdə dünya miqyaslı infrastruktur yaradılır. Mingəçevir avarçəkmə bazası yeniləşir, demək olar, yenidən tikilir. Biz bu məsələ ilə uzun illərdir məşğul olurduq. Hətta mənim yadımdadır, Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmişdik ki, bizə kömək göstərsin. Ancaq axırda gördük ki, bunu özümüz etməliyik. Layihə hazırlandı və işlərə başlanıldı. Mingəçevirdə çox müasir, gözəl avarçəkmə bazası tikilir. Eyni zamanda, orada beynəlxalq yarışların keçirilməsi də nəzərdə tutulur. Bu, həm Azərbaycanda avarçəkmənin inkişafına təkan olacaq, həm də Mingəçevir şəhərinin inkişafına böyük təkan verəcəkdir. Çünki Şərqi Avrora ölkələrindən, keçmiş Sovet İttifaqı, MDB məkanından çoxlu müraciətlər vardır. Vaxtilə bu, sovet məkanında yeganə baza idi ki, orada ilboyu avarçəkmə ilə məşğul olmaq mümkün idi. Çünki digər bazalardan fərqli olaraq, qışda donmurdu. Biz bütün bu işləri bundan sonra da görəcəyik və əlbəttə, Azərbaycanda güclü idman infrastrukturunun yaradılması həm idmana xidmət edir, həm də ölkənin ümumi inkişafının göstəricisidir”. |