İlk dəfə 1959-cu ilin iyul-avqust aylarında Bakıdakı Dənizkənarı
Bulvar ərazisində yerləşən "Neftçi” yaxt-klubunda gənclər avarçəkmə ilə
məşğul olmağa başlayıblar. Həmin il respublikamızın akademik
avarçəkənləri SSRİ xalqlarının II spartakiadasında çıxış ediblər.
Yarışda Azərbaycanı avarçəkmənin 13 növündən 5-də 12 idmançı təmsil
edib. Onların arasında Yevgeni Əmir-Şah, Tamerlan Kusov, Gedalio
Sadıxoğlu, Vladislav Şvetsov kimi avarçəkənlər də olub.
1964-cü ildə Mingəçevir şəhərində "Kür” avarçəkmə hazırlığı üzrə
Olimpiya mərkəzinin istifadəyə verilməsi Azərbaycanda avarçəkmənin
inkişafına böyük təkan verib. Bu bazanın tikintisində Mingəçevir şəhər
idman komitəsinin sabiq sədri, mərhum Pərviz Həsənovun xüsusi xidmətləri
olub. Məhz onun təşəbbüsü ilə Mingəçevirdə Kür çayı sahilində
ümumittifaq əhəmiyyətli idman qurğusu inşa olunub. Keçmiş SSRİ-nin
akademik avarçəkmə üzrə yığma komandası məhz bu bazada hazırlıq keçib.
Avarçəkənlərin yüksək hazırlıq səviyyəsinin nəticəsidir ki, Avropa,
dünya çempionatları və Yay Olimpiya Oyunlarında SSRİ yığması uğurlu
nailiyyətlərə imza atıb. Bu komandanın tərkibində Azərbaycan
avarçəkənləri də olub.
1970-ci ildən etibarən "Mingəçevir reqatası” ümumittifaq statusu
alıb. Amma bu turnirə təkcə keçmiş SSRİ-nin avarçəkənləri qatılmayıblar.
Müxtəlif illərdə Bolqarıstan, Çexoslovakiya, hətta Kuba təmsilçiləri də
"Mingəçevir reqatası”nda qüvvələrini sınayıblar. Yarışda müxtəlif
respublikaların iştirakı idmançılarımızın hazırlıq səviyyələrinə də
müsbət təsir göstərib. Avarçəkənlərimiz sonrakı 20 il ərzində də yüksək
nailiyyətlər göstəriblər. Lakin Ermənistanın Azərbaycana təcavüzü ilə
əlaqədar döğma yurd-yuvalarından didərgin düşən vətəndaşlarımızın
avarçəkmə bazasında məskunlaşmasından sonra bu növdə xeyli geriləmə baş
verib. 2004-cü ildə ölkəmizin prezidenti cənab İlham Əliyev Mingəçevirə
səfəri zamanı bazaya da baş çəkərək, onun müasir tələblərə uyğun yenidən
qurulmasına göstəriş verib. Bundan sonra Azərbaycan Milli Avarçəkmə
Federasiyası da təsis olunub və Azərbaycanda avarçəkmə növləri dirçəliş
dövrünə qədəm qoyub.
Artıq Cavid Əfəndiyev, Aleksandr Jdanov, Toğrul Qurbanzadə,
Teymur Kutseba, Aleksandr Qlotov, Kamal Məmmədov kimi gənc və
perspektivli akademik avarçəkənlərimiz, dünya və Avropa çempionatında
medallar qazanan Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko
kimi kanoeçilərimiz var.

