21:26 71 ölkənin iştirakı ilə dünya çempionatı start götürdü | |
| Avqustun 19-da Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə böyüklər arasında dünya çempionatı start götürüb. Nüfuzlu
yarışda 71 ölkədən 830 idmançı 4 gün ərzində 32 dəst medal uğrunda
mübarizə aparacaq. Dünya çempionatında, həmçinin 30 ölkədən 66
idmançının iştirakı ilə parakanoe növü üzrə də yarışlar keçiriləcək. Azərbaycanı kanoe növündə baş məşqçi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edəcək. Onlar 2 nəfərlik qayıqla (C-2) 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Sərdar Mirzəyevin verdiyi məlumata görə, hazırda milli komandamız yüksək əhval-ruhiyyədədir və startı gözləyir. İdmançılarımız çıxış etdikləri bütün yarışlarda olduğu kimi, bu dəfə də uğurlu nəticələrə kökləniblər. Yarışın ilk günündə 1000 metr məsafəyə seçmə və yarımfinal yürüşləri baş tutacaq. Artıq Bezuqlıy – Prokopenko duetinin ilk rəqibləri müəyyənləşib. Bakı vaxtı ilə saat 14:41-də keçiriləcək yürüşdə azərbaycanlı cütlük Anton Knesis – Gatis Pranks (Latviya), Lukas Koranda – Radek Mışkovski (Çexiya), Endryu Russell – Qabriel Boşezn-Sevinyi (Kanada), Marton Tot – Robert Mayk (Macarıstan), Metyu Lourens – Ceyms Treyn (Böyük Britaniya), Conatan Tafra – Fabian Lopes (Çili), Lonq Tran Van – Hoan Luu Van (Vyetnam) duetlərinə rəqib olacaq. 1-ci yerin sahibi birbaşa əsas finala yüksələcək. 2 – 7-ci yerləri tutanlar isə mübarizəni yarımfinalda davam etdirəcəklər. Yarımfinal yürüşü Bakı vaxtı ilə saat 18:52 və 18:59-da keçiriləcək. Avqustun 20-də 500 metr məsafəyə seçmə və yarımfinal yürüşləri təşkil olunacaq. Avqustun 21-də 1000 metr məsafəyə final, 200 metr məsafəyə seçmə və yarımfinal yürüşləri keçiriləcək. Avqustun 22-də isə 500 metr və 200 metr məsafələrə final yürüşləri baş tutacaq. Dünya çempionatını ölkəmizə "İdman Azərbaycan” telekanalı canlı yayımlayır. Qeyd edək ki, Azərbaycan dünya çempionatları tarixində müstəqil ölkə kimi ikinci dəfə təmsil olunacaq. Ötən il Kanadanın Dartmut şəhərində mübarizə aparan 3 kanoeçimizdən Valentin Demyanenko 200 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə isə bürünc medala sahib olub. | |
|
| |

