14:51 Aleksandr Aleksandrov: “Nəhayət, məndə nə isə alındı” | |
Azərbaycan avarçəkənləri 2012-ci il London Yay Olimpiya Oyunlarına 4 vəsiqə qazanaraq, ölkəmizin lisenziya ehtiyatını əhəmiyyətli dərəcədə zənginləşdirdilər. Məlum olduğu kimi, ilk lisenziyalara Macarıstanın Seqed şəhərində 17 – 21 avqustda keçirilmiş dünya çempionatında kanoeçilərimiz Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilə Valentin Demyanenko yiyələndilər. Ardından lisenziya estafetini akademik avarçəkənlərimiz Aleksandr Aleksandrovla Natalya Mustafayeva 28 avqust – 4 sentyabrda Sloveniyanın Bled şəhərində təşkil olunmuş mundialda ələ aldılar. Xüsusən, Aleksandr Aleksandrov üçün olimpiya lisenziyasının qazanılması onun iyulun sonlarında 23 yaşadək akademik avarçəkənlər arasında Hollandiyanın Amsterdam şəhərində keçirilmiş dünya çempionatındakı uğursuz çıxışından sonra psixoloji baxımdan böyük əhəmiyyətə malikdir. Xatırladaq ki, həmin vaxt Aleksandrov 7-ci olduğundan, yumşaq desək, elə də yüksək əhval-ruhiyyədə deyildi. Bu dəfə isə avarçəkənimiz 9-cu oldu, lakin böyüklər arasındakı dünya çempionatında. Bu nəticəni isə onun üçün nailiyyət saymaq olar. Çünki Aleksandrov dünyanın ən yaxşı "11-liy”inə düşərək, olimpiya lisenziyasına sahib çıxdı. Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində Aleksandr Aleksandrov lisenziyanı necə qazanması və hansı hissləri keçirməsindən danışıb:
- Hansı hissləri keçirirsiniz? - Bilirsiniz, özümü necə hiss edirəm? Nəhayət, məndə nə isə alındı. Çox şadam ki, məşqçimiz öz işini gördü və məni elə hazırlaşdırdı ki, olimpiya lisenziyası qazana bilim. Sloveniyanın Bled şəhərindəki dünya çempionatında çıxış etməmişdən öncə yaxşı formada olduğumu və qarşıma qoyulan məqsədi yerinə yetirməyə hazır olduğumu bilirdim. Olimpiya lisenziyası qazanma şanslarımın böyük olduğunu hiss edirdim. Çox şadam ki, qarşıya qoyulan məqsədə çatdıq. Əlbəttə, dünya çempionatının gedişində mənim üçün ağır idi, çünki çox güclü rəqiblərim var idi. Ən əsası, biz bura nə üçün gəldiyimizi göstərdik.
- Demək olarmı ki, Amsterdamda psixoloji cəhətdən uğursuzluq yaşadınız?
- Psixoloji baxımdan mənim heç bir problemim yoxdur. Bu, çox vacibdir və istərdim ki, bunu bilsinlər. Sadəcə, heç vaxt özümü Amsterdamdakı kimi hiss etməmişdim. Hollandiyanın paytaxtında keçirilmiş yarışa mən hazır deyildim. İndi bilirəm ki, belə situasiyalarda nə etmək və necə keçirmək lazımdır. Bu il mənim üçün elə də yaxşı olmadı. Amma şadam ki, mövsüm mənim üçün uğurlu – olimpiya lisenziyasının qazanılması ilə başa çatır. Əks halda, bu ili uğursuz adlandırmaq olardı. İndi isə hər şey normaldır. Fikrimcə, bu lisenziya mənə əminlik bəxş edəcək və gələcəkdə daha böyük uğurlar qazanmaq imkanı yaradacaq. İstənilən halda, şadam ki, Azərbaycan üçün akademik avarçəkmə növündə ilk lisenziyanı qazana bildim. | |
|
| |


