22:40 Avarçəkmənin populyarlaşması istiqamətində daha bir addım | |
| Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi Bakı
şəhərində avarçəkməyə maraq göstərən 100-dək şagirdlə görüş keçirib.
Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində fəaliyyət göstərən
avarçəkmə bazasındakı hovuzda təşkil olunan görüşə paytaxtın Yasamal və
Səbail rayonlarındakı orta məktəblərdə təhsil alan şagirdlər qatılıb.
Tədbiri açan AMAF-ın baş katibi Fikrət Zeynalov ölkəmizdə avarçəkmənin tarixi haqqında məlumat verib. F.Zeynalov hazırda akademik avarçəkmə, kayak və kanoe növlərinin daha çox inkişaf etdiyini bildirib. Baş katib şagirdlərlə görüşün ölkəmizdə zəngin tarixi ənənələrə malik avarçəkmənin yenidən populyarlaşması istiqamətində bir tədbir olduğunu deyib. AMAF İcraiyyə Komitəsinin üzvü Olgert Tsoxovski isə akademik avarçəkmə üzrə yığma komandamızın bu yaxınlarda Rusiyanın Rostov şəhərində keçirilən beynəlxalq «Don» reqatasında çıxışına toxunub. O, 18 yaşlı Cavid Əfəndiyevin 61 idmançı arasında 4-cü yeri tutduğunu söyləyib. O.Tsoxovski xüsusən, Kamal Məmmədov - Fikrət Məmmədov cütünün 10-cu, Toğrul Qurbanzadə - Cavid Əfəndiyev duetinin isə 11-ci olaraq, Ermənistan idmançılarından ibarət və dünya çempionatı təcrübəsinə malik Sarkis Karabaktyan - Makar Sarkisyan cütünü arxada qoyduqlarını vurğulayıb. Akademik avarçəkmə, kayak və kanoe üzrə yığma komandalarımızın üzvləri konsept və qayıqlarda şagirdlər qarşısında nümunəvi çıxışlar ediblər. Sonra tribunadan qayıqlara dəvət olunan şagirdlərə yığma komandalarımızın üzvləri akademik, kayak və kanoe qayıqlarında avar çəkməyin sirlərini öyrədiblər. Tədbirin sonunda məktəblilərə üzərində AMAF-ın loqosu əks olunmuş qələm, kepka və vımpellər paylanıb. Şagirdlər isə avarçəkmə bölmələrinə yazılıblar. Qeyd edək ki, tədbir Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkil olunub. | |
|
| |

