22:38 Avarçəkmə növlərinə maraq göstərən şagirdlərlə görüş keçiriləcək | |
| Azərbaycan Milli Avarçəkmə Federasiyası ölkəmizdə avarçəkmə növlərinin
təbliği məqsədilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə daha
bir tədbir təşkil edəcək. Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində
yaradılan avarçəkmə bazasında aprelin 29-da saat 15:00-da başlanacaq
tədbirdə Bakı şəhərinin Yasamal və Səbail rayonlarının orta
məktəblərində avarçəkmə növlərinə maraq göstərən 100-dək şagird iştirak
edəcək. Görüş zamanı əvvəlcə avarçəkmənin tarixi haqqında məlumat veriləcək. Akademik avarçəkmə, baydarka və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandalarımızın üzvləri xüsusi trenajor və qayıqlarda nümunəvi çıxışlar edəcək, məşqçilər heyəti isə qayıqlar və onların növləri haqda məlumat verəcəklər. Sonda avarçəkmə bolmələrinə yazılmaq istəyənlərin qeydiyyatı aparılacaq. Məktəblilərlə görüşə Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da qatılacaqlar. Tədbirin təşkilinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə yanaşı, Hərbi Dəniz Qüvvlərinin rəhbərliyi yaxından dəstək verəcək. | |
|
| |

