21:24 Avropa fatehlərimiz dünya çempionatına yollanır | |
| Avqustun 19-da Polşanın Poznan şəhərində kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Azərbaycan milli
komandasının baş məşqçisi Aleksandr Kolıbelnikov mötəbər yarışa
aparacağı idmançıları müəyyənləşdirib. Dörd gün davam edəcək çempionatda Sergey Bezuqlıy – Maksim Prokopenko dueti çıxış edəcək. Onlar 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərə qatılacaqlar. Kanoeçilərimiz dünya çempionatına avqustun 2-dək Bolqarıstanın paytaxtı Sofiyadan 200 km uzaqlıqda olan Bilmiken kurort bazasında hazırlaşıblar. Bundan sonra onlar yarış məkanına yollanıblar. Qeyd edək ki, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 – 4 iyulda İspaniyanın Trasona şəhərində təşkil edilmiş Avropa çempionatında da 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüş ediblər. Onlar 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıblar, 200 metr məsafəyə yürüşdə isə 4-cü olublar. Kanoeçi duetimiz ötən il Kanadanın Dartmut şəhərində keçirilmiş dünya çempionatında isə 1000 metr məsafəyə yürüşdə gümüş, 500 metr məsafəyə yürüşdə bürünc medala sahib olub. | |
|
| |

