22:18 Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhoff: «Azərbaycan avarçəkmə növlərində böyük beynəlxalq yarışlar keçirməyə qadirdir» | |
| Martın 28-də Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Ulrix
Feldhoff Bakıya gəlib. Almaniyalı qonaq bu gün Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad
Rəhimovla görüşüb. Bundan başqa U.Feldhoff Fəxri Xiyabanda ümummilli
lider Heydər Əliyevin məzarını ziyarət edib. Sonra o, Bakıdakı Hərbi
Dəniz Qüvvələrinin İdman Klubu nəzdində fəaliyyət göstərən avarçəkmə
bazası ilə yaxından tanış olub. Bazada yeni alınan qayıqlar və avarçəkmə hovuzunu nəzərdən keçirən İCF prezidenti yaradılan şəraitdən məmnunluğunu gizlətməyib. Daha sonra o, Mingəçevir şəhərinə yollanıb. Mingəçevirdə tikilən «Kür» Olimpiya İdman Mərkəzi ilə tanış olacaq U.Feldhoff hazırda davam edən beynəlxalq «Prezident kuboku» reqatasını da izləyəcək. Qonaq səfərinin əsas məqsədinin yeni yaradılan Azərbaycan Milli Avarçəkmə Federasiyasının fəaliyyəti ilə yaxından maraqlanmaq, problemlərindən xəbərdar olmaq və ona dəstək verməkdən ibarət olduğunu açıqlayıb: «Səfərimin digər məqsədi isə Mingəçevir şəhərində yerləşən avarçəkmə bazasının mövcud vəziyyəti ilə tanış olmaqdaqdır. Azərbaycanda, ümumiyyətlə, idmana maraq fantastik dərəcədədir. Mən bir çox ölkələrdə olmuşam. Buradakı kimi idmana göstərilən marağı digər ölkələrdə hiss etməmişəm. İnanıram ki, Azərbaycan bu sahədə böyük uğurlara imza atacaq. Federasiya prezidenti Elçin Zeynalov mənim yaxın dostumdur. Onunla söhbət zamanı Azərbaycan Milli Avarçəkmə Federasiyasının gələcək inkişafı və Pekin Yay Olimpiya Oyunları ilə əlaqədar fikir mübadiləsi apardıq». Dövlət başçısı İlham Əliyevlə görüşünün də çox konstruktiv alındığını deyən U.Feldhoff ölkə prezidentinin idmana böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb: «İlham Əliyev bizim beynəlxalq yarış təcrübəmizlə maraqlandı və gələcəkdə bizim təcrübəmizdən yararlanmaq niyyətində olduğunu bildirdi». Azərbaycanda avarçəkmə növləri sahəsində maraqlı inkişaf tempinin olduğunu deyən İCF prezidenti ölkəmizin iqtisadi və coğrafi cəhətdən də əlverişli vəziyyətdə yerləşdiyini bildirib. Onun fikrincə, ölkəmiz avarçəkmə növlərində böyük beynəlxalq yarışlar keçirməyə də qadirdir: «Hərtərəfli analizlərdən sonra, fikrimcə, buna razılıq vermək olar». | |
|
| |

