22:19 Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Ulrix Feldhoff gənclər və idman naziri Azad Rəhimovla görüşüb | |
| "Azərbaycan Milli Avarçəkmə Federasiyasının qısa bir zamanda gördüyü
işlər olduqca təqdirəlayiqdir” Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Ulrix Feldhoff bu gün gənclər və idman naziri Azad Rəhimovla görüşüb. Görüşdə A.Rəhimov 2007-ci ildə idmançılarımızın Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə keçirilmiş beynəlxalq yarışlarda 452 medal qazandıqları, ölkəmizdə bir çox idman növləri üzrə Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirildiyi haqda məlumat verib. Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Azərbaycanın bütün bölgələrində müasir standartlara çavab verən Olimpiya idman kompleksləri inşa edilir. O, hazırda Mingəçevir şəhərində tikintisi davam edən "Kür” Olimpiya İdman Mərkəzinin də belə qurğulardan olduğunu söyləyib. A.Rəhimov bu günlərdə Mingəçevirdə keçirilən avarçəkmə üzrə beynəlxalq "Prezident kuboku” reqatası haqqında danışarkən bildirib ki, Azərbaycan, Rusiya, Gürcüstan və İranın 18 və 23 yaşadək avarçəkənləri iştirak etdikləri turnirdə akademik avarçəkənlərimiz 13 medal qazanıblar. İCF prezidenti U.Feldhoff ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan məmnun qaldığını vurğulayıb: "Biz uzun illərdir ki, bir çox federasiyalarla əlaqələr qurmuşuq, onların fəaliyyətlərini yaxından izləyirik. Amma Azərbaycan Milli Avarçəkmə Federasiyasının qısa bir zamanda gördüyü işlər olduqca təqdirəlayiqdir”. Görüşdə, həmçinin yaxın vaxtlarda avarçəkmə üzrə xüsusi proqramların işlənib hazırlanması tövsiyə edilib. | |
|
| |

