18:17 Daha 2 avarçəkənimiz London olimpiadasına lisenziya uğrunda mübarizəyə başlayır | |
Daha 2 avarçəkənimiz London olimpiadasına lisenziya uğrunda mübarizəyə başlayır Avqustun 28-də Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürəcək. 70-dən çox ölkənin qatılacağı nüfuzlu yarışda 22 dəst medal sahibini tapacaq. Bunların 14-də London olimpiadasına lisenziyalar uğrunda da mübarizə gedəcək. Azərbaycan milli komandası böyüklər arasında dünya çempionatında ilk dəfə çıxış edəcək. Ölkəmiz 3 əsas və 1 ehtiyat avarçəkənlə təmsil olunacaq. Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X), Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla (BW1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Hər iki tip qayıq olimpiya təyinatlıdır. Yəni, Aleksandrov ilk "11-liy”ə, Mustafayeva ilk "9-luğ”a düşəcəyi halda, London olimpiadasına lisenziya qazanacaq. Kişi avarçəkənimizin 35, qadın avarçəkənimizin 19 rəqibi olacaq. Kamal Məmmədov isə qeyri-olimpiya tipli - 1 nəfərlik yüngül çəkili (LM1X) qayıqla yarışacaq. O, 17 idmançıya qarşı yarışacaq. Ehtiyat avarçəkən qismində Sloveniyaya İskra Angelova aparılıb. 1 nəfərlik qayıqla çıxış edəcək Angelova avqustun 29-dan ehtiyat idmançılar üçün startı veriləcək yürüşlərə qatılacaq. O, Mustafayevanın əvəzləyicisi sayılır. Avarçəkənlərimiz dünya çempionatına Almaniyada hazırlaşıblar. Onlar təlim-məşq toplantıları və müxtəlif yarışlarda qüvvələrini sınayıblar. 26 yaşlı Mustafayeva Dünya Kubokunun II və III mərhələlərində 6-cı yeri tutub. 21 yaşlı Aleksandrov isə Dünya Kubokunun II mərhələsində və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında 7-ci olub. Bu nəticələr hər iki təmsilçimizin London olimpiadasına lisenziya qazanmağa qadir olduqlarından xəbər verir. Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq. Qeyd edək ki, ötən həftə Macarıstanın Seqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı keçirilib. Kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. | |
|
| |


