20:55 Dünya çempionatında 5-ci final! | |
Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında Azərbaycan kanoeçiləri sayca 5-ci dəfə finala vəsiqə qazanıblar. Andrey Kraytor, Sergey Bezuqlıy, Maksim Prokopenko və Valentin Demyanenkodan ibarət kvartetimiz 200 metr məsafəyə estafet yürüşündə uğurla çıxış edib. Seçmə mərhələdə onlar üst-üstə 2 dəqiqə 50,889 saniyə nəticə göstərərək, ikinci yeri tutublar. Birinci yerə isə 2 dəqiqə 48,643 saniyə göstərici ilə Rusiya nail olub. Komandamız Macarıstan (2:51.199), Kanada (2:51.265), İspaniya (2:51.613) və Hindistanı (3:17.209) geridə qoyub. Final yürüşü avqustun 21-də Bakı vaxtı ilə saat 17:30-da olacaq. Təmsilçilərimiz medal uğrunda İspaniya, Polşa, Almaniya, Rusiya, Ukrayna, Macarıstan, Kanada və Belarusa qarşı mübarizə aparacaqlar.
Sabah saat 13:05-də isə Adnan Əliyev 5000 metr məsafəyə final yürüşünə çıxacaq. Onun 29 rəqibi olacaq. Əliyev olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə də iştirak edib və 18-ci yeri tutub. Saat 16:04-də Valentin Demyanenko olimpiya məsafəsi sayılan 200 metrlik yürüşün finalına qatılacaq. O, ilk "7-liy”ə düşəcəyi halda, ölkəmizə Sergey Bezuqlıy – Maksim Prokopenko duetindən sonra növbəti lisenziyanı qazandıracaq. Demyanenkonun rəqibləri Nivalter Santos de Xesus (Braziliya), Alfonso Benavides (İspaniya), Yuri Çeban (Ukrayna), Yevgeni Şuklin (Litva), İvan Ştıl (Rusiya), Dmitri Vaytsişkin (Belarus), Pavel Baraşkeviç (Polşa) və Tomas Simart (Fransa) olacaq. Kanoeçimiz 500 metr məsafəyə yürüşdə də finala çıxdığı halda, medal qazana bilməyib. O, finişə 1 dəqiqə 47,715 saniyəyə çataraq, 4-cü olub. 28 yaşlı kanoeçimiz bürünc medal qazanan ukraynalı Aleksandr Maksimçukdan cəmi 0,036 saniyə geri qalıb. Qızıl medala rusiyalı Vladimir Fedosenko (1:46.647), gümüş medala isə belaruslu Denis Xaraja (1:46.827) layiq görülüb.
Hələlik ölkəmiz iki gümüş medala sahib olub ki, onların da müəllifi Sergey Bezuqlıy – Maksim Prokopenko duetidir. Kanoeçilərimiz 2 nəfərlik qayıqla 500 metr məsafəyə gümüş medal qazandıqdan sonra eyni uğuru 1000 metr məsafəyə yürüşdə də təkrarlayıblar. Onlar həm də 1000 metrlik yürüşdə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olublar.
Kayakçılarımız arasında ən yaxşı nəticəni Mirnazim Cavadov – Tamerlan Mustafayev cütlüyü əldə edib. Mustafayevin cəmi 16, Cavadovun isə 18 yaşı olmasına baxmayaraq, 500 metr məsafəyə yürüşdə 12-ci yeri tutmağı bacarıblar. Onlar B finalında 1 dəqiqə 32,285 saniyə nəticə ilə 3-cü olublar. Bu məsafəyə yürüşdə çıxış edən qadın kayakçımız Natalya Fiklisova isə C finalında 1 dəqiqə 56,714 saniyə nəticə ilə 6-cı, başqa sözlə, ümumi sıralamada 24-cü olub. 200 metr məsafəyə yürüşdə onlar yarımfinaladək irəliləsələr də, müvafiq olaraq, 35,278 saniyə və 43,037 saniyə nəticə ilə 7-ci yeri tutaraq, mübarizəni dayandırıblar. | |
|
| |

