22:49 ICF və ECA prezidentləri Azərbaycana səfərə gələcəklər | |
![]() Martın 9-da Avropa Kanoe Assosiasiyasının (ECA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) rəsmiləri Azərbaycana səfərə gələcəklər. Nümayəndə heyətinin tərkibində İCF-in prezidenti Xose Perurena Lopes, qurumun eksperti Çaba Santo və ECA-nın prezidenti Albert Vuds yer alacaq.Nüfuzlu qonaqlar səfərin ilk iki günü ərzində Bakıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcək, rəsmi görüşlərdə iştirak edəcəklər. Martın 10-da onlar Mingəçevirə yollanacaqlar. İCF və ECA rəsmiləri "Kür” Olimpiya Tədris İdman Mərkəzi ilə tanış olacaq, həmin gün akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatasının açılış mərasiminə qatılacaqlar. Daha sonra AMAF prezidenti Elçin Zeynalov və nüfuzlu qonaqların iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. İCF və ECA rəsmiləri "Prezident Kuboku”nun gedişini də izləyəcəklər. Səfər martın 13-də yekunlaşacaq. Dünya və Avropa qurumları rəhbərlərinin ölkəmizə gəlişi avarçəkmə növlərinin inkişafı istiqamətində görülən işlərlə tanışlıq xarakteri daşıyacaq, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) beynəlxalq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bir sıra məsələlər, o cümlədən, "Kür” Olimpiya Mərkəzində daha nüfuzlu turnirlərin, xüsusən, kayak və kanoe üzrə Dünya Kubokunun mərhələ yarışlarının ölkəmizdə təşkili istiqamətində danışıqlar aparılacaq. Qeyd edək ki, Xose Perurena Lopes 4 aprel 1945-ci ildə İspaniyada anadan olub. O, kayak növü ilə məşğul olub və hətta 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında iştirak edib. Perurena 2008-ci ildən İCF-in prezidentidir. Albert Vuds İngiltərədə anadan olub. 17 yaşından kanoe-slalom növü ilə məşğul olub. Avropa Kanoe Assosiasiyası məhz onun təşəbbüsü ilə 1993-cü ildə yaradılıb. Həmin vaxtdan Vuds ECA-nın prezidentidir. O, eyni zamanda Böyük Britaniyaya Kanoe İttifaqının və Dünya Səviyəli İdarəetmə Qrupunun (WCMG) prezidenti, Böyük Britaniya Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. Çaba Santo isə kanoeçi qismində Macarıstan yığmasının heyətində 1966-cı il dünya çempionatında bürünc medal qazanıb. O, ölkəmizə ikinci dəfə səfər edəcək. Santo ilk dəfə 2008-ci ilin martında İCF-in o vaxtkı prezidenti Ulrix Feldhoflla birgə Bakıda və Mingəçevirdə olub. | |
|
| |



