16:59 Mətbuat konfransı | |
Bu gün "Kür” Olimpiya Mərkəzində mətbuat konfransı keçirilib. Tədbirdə Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov, vitse-prezident Natiq Abbasov, gənclər və idman nazirinin müavini İlham Mədətov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Elçin Zeynalov: Artıq dördüncü ildir ki, akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku” reqatası keçirilir. Bu yarışda bir neçə qonşu ölkə idmançıları da iştirak edirlər. Bu ilki reqata bizim üçün həm də ona görə önəmlidir ki, Beynəlxalq Kanoe Federasiyasının prezidenti və Avropa Kanoe Assosiasiyasının prezidentləri də burada iştirak edirlər. Onların iştirakı təsadüfi deyil. Ötən ilin oktyabrında "Kür” Olimpiya Mərkəzi istifadəyə verilib. Bu, analoqu olmayan bir avarçəkmə kompleksidir. Bu kompleks haqda məlumatlar bütün dünyaya yayılıb, digər ölkələr də məlumatlıdırlar. Beynəlxalq və Avropa kanoe qurumlarının rəhbərlərinin bu qurğunu öz gözləri ilə görmək istədikləri təsadüfi deyil. Gələcəkdə burada beynəlxalq yarışların təşkili və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. - Sualım Xose Perurenayadır. Siz vaxtilə kayakçı kimi Avropa çempionu olmuş, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında iştirak etmisiniz. Hazırda dünyada kayak və kanoenin durumunu necə dəyərləndirirsiniz. Sizcə, 50 il öncəki kanoeçilərin gücü ilə indikilərin imkanları arasında nə qədər fərq mövcuddur? Xose Perurena: Fikirlərimi AMAF prezidentinə təşəkkür etməklə başlamaq istəyirəm. Dünən səhər də jurnalistlərlə görüşümüz oldu. Bakıda Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra qısa brifinq keçirdik. Əlbəttə, 1968-ci ildən indiyədək ötən dövrü müqayisə etsək, çox böyük fərqin olduğunu görərik. Mexiko olimpiadasında yalnız dövlət dəstəyi ilə bu yarışları keçirmək mümkün idi. Amma indi kanoe qayıqlarında avarçəkmə bütün dünyada çox geniş yayılıb. Olimpiadalarda sprint və slalom yarışlarında 16 medal uğrunda mübarizə gedir. Bu da olimpiya hərəkatında bizim nə qədər irəlilədiyimizi göstərir. Slalom və sprint yarışları bütün qitələr üzrə inkişaf edir. Asiya, Panamerika, Afrika qitələrində də belə yarışlar təşkil olunur. 2016-cı il London Yay Paralimpiya Oyunlarının proqramına artıq parakanoe növü də salınıb. Ümumiyyətlə, biz 6 növ -slalom, düz suda yarışlar, draqon-boat, kanoe-polo, kayak və kanoe üzrə yarışlar keçiririk. Yarışlar 3 növ suda – düz, axar və dalğalı suda keçirilir. Fikrimcə, Azərbaycan üçün bunların hər üçü üzrə yarışlar keçirmək mümkündür. Xəzər dənizi dalğalıdır. Axar və sakit sular da mövcuddur. Azərbaycanın son zamanlar bu idman növləri üzrə müvəffəqiyyətlərini nəzərə alsaq, görərik ki, ölkəniz çox böyük irəliləyişlər əldə edib. Xüsusən, cəmi 20 illik müstəqillik tarixi ərzində bu nailiyyətlərin olduğunu nəzərə alsaq, onların nə qədər yüksək səviyyəli olduğunu anlaya bilərik. - Cənab Perurena. Azərbaycana səfəriniz çərçivəsində ölkə prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, AMAF prezidenti Elçin Zeynalovla görüşlər keçirmisiniz. Eyni zamanda Mingəçevirdəki "Kür” olimpiya mərkəzindəki şəraitlə tanış oldunuz. Görüşləriniz və gördüklərinizə əsasən, Azərbaycanda daha nüfuzlu yarışın keçirilməsinin mümkünlüyünə əminsiniz? Bu, qısa müddətə reallaşa bilərmi? - İlk növbədə, demək istərdim ki, bu kompleks həqiqətən də fantastikdir. Beynəlxalq reqataların keçirilməsi üçün 3 amil çox vacibdir: Könüllülərin iştirakı, yaxşı komandaların olması və yaxşı idman qurğusunun olması. Hesab edirəm ki, bu amillərin üçü də burada var. Ona görə də heç bir problemimiz olmamalıdır. Səfər təəssüratlarına gəlincə, şəxsi qənaətim belədir ki, çox gözəl görüşlər keçirdik, ətraflı müzakirələr apardıq. Onu da qeyd edim ki, mən bir çox dövlət başçıları ilə görüşmüşəm. Amma bu görüş fərqli idi. Çünki bir çox hallarda biz həmin dövlət başçılarına kayak və kanoenin nə olduğu barədə məlumat vermək məcburiyyətində qalırdıq. Lakin indi fərqli oldu. Sizin prezident isə avarçəkmə növləri haqda çox gözəl bildiyi üçün özü bizə məlumatlar verdi. Ümumiyyətlə, çox gözəl suallar ünvanlandı. Azərbaycanda idmanın inkişafı ilə əlaqədar məlumatlar da verildi. Ümumdünya olimpiya hərəkatı sahəsində də bütün gedişatlar haqda da çox məlumatlar verildi. Görüşümüz 40 dəqiqəyədək davam etdi. Çox sərbəst formatda oldu. Eynilə, gənclər və idman naziri Azad Rəhimovla görüşümüzün də yüksək səviyyədə keçdiyini deyə bilərəm. Cənab nazir xüsusən İspaniya və Azərbaycan arasında idmançı mübadiləsi haqda məsələ qaldırdı. Yəni, Azərbaycandan idmançıların İspaniyaya göndərilməsi və əksinə... Bu mənim təəssüratlarımdır. Albert Vuds: Mən də öz adımdan demək istərdim ki, ölkənizin prezidenti ilə görüşmək bizim üçün həqiqətən də çox böyük şərəf idi. Xüsusən, onun eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti olması faktı da bizim üçün çox vacib idi. Bütün idman məsələlərini çox rahat və sərbəst şəkildə müzakirə edə bildik. Bu idman kompleksinə gəldikdə, dünya miqyasında çox fantastik kompleks sayıla bilər. Cənab Perurena da qeyd etdi ki, Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsi məqsədəuyğundur. Bunu da qeyd edim ki, AMAF prezidenti ilə birgə bu məsələ üzərində işləyirik və həyata keçirilməsi üçün bütün lazımi səylərimizi göstərəcəyik. - Burada İCF və ECA-nın dəstəyilə müxtəlif ölkələrin iştirakı ilə təlim-məşq toplantıları, hakimlər və məşqçilər üçün konfranslar keçirilə bilərmi? Təqvim-planınızda bunu nəzərə alacaqsınız? Albert Vuds: Hesab edirəm ki, bu, mümkündür. Xüsusən, Mingəçevirdəki iqlimi və buradakı imkanları nəzərə alsaq, bütün sadaladığınız tədbirlərin həyata keçirilməsi, Böyük Britaniya və digər ölkələrdən idmançıların buraya gələrək, təlim-məşq toplantılarında iştirakı mümkündür. İlk növbədə, AMAF rəhbərliyinin bu məsələ ilə əlaqədar bizə müraciət etməsi lazımdır. Bu müraciət olarsa, qeyd etdiyiniz bütün lazımi işlər görüləcək və təqvim planına daxil ediləcək. Elçin Zeynalov: Şübhəsiz ki, həm məşqçilər konfransının, həm hakimlər üçün seminarların, həm də digər ölkələrin iştirakı ilə birgə təlim-məşq toplantılarının təşkilinin tərəfdarıyıq. Bu haqda qonaqlarla müzakirələr aparmışıq. Onlara təkliflərimizi göndərəcəyik. Cənab Vudsun qeyd etdiyi kimi, yaxın gələcəkdə İngiltərə və digər iqlimi soyuq ölkələr isti yerlərdə məşq, digər tədbirlər keçirməyə marağındadırlar. Bu marağı və maraqlarımızın üst-üstə düşdüyünü nəzərə alaraq, bu toplantıları şübhəsiz ki, təşkil edəcəyik. - Kayak və kanoe növündə kişilərin mübarizəsində əvvəllər olimpiya məsafələri 500 metr və 1000 metr müəyyənləşdirilmişdi. Amma iki il öncə bu məsafəni 200 metr və 1000 metr etdiniz. Səbəb kimi qısa məsafəyə marağın daha çox olmasını göstərdiniz. Elə isə 200 metr məsafədən əlavə niyə 500 metr yox, 1000 metr məsafəni saxladınız? Xose Perurena: Bu barədə müzakirələr yeni başlamayıb. 500 metr və 1000 metr məsafələrə yürüşlərdə idmançılardan təqribən eyni xüsusiyyətlər tələb olunur. Amma bəzi hallarda idmançılar tez hərəkət etdikləri və sürətləri yüksək olduğu üçün uzun məsafələrə yarışlarda iştirak etməkdə çətinlik çəkirlər. Digər tərəfdən, yeniyetmələrdən böyüklərədək çatmaq üçün 4-5 il tələb olunur. Bir çox idmançı bu qədər vaxt sərf edə bilmədiklərindən, başqa idman növlərinə meyllənirlər. Bu, məsələnin texniki tərəfidir. Aydındır ki, belə yarışlar tamaşaçılar, o cümlədən televiziya seyrçiləri üçün keçirilir. İCF məsafələrin dəyişdirilməsini təklif etdikdə, heç bir problem olmadı. Ehtiyacın televiziyadan qaynaqlandığını onlar da anladılar. Amma bu məşqçilər üçün çox çətin məsələdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında bizim iki müxtəlif məsafəyə eyni idmançı göndərmək imkanımız var. Başqa bir səbəb də odur ki, 200 metrlik məsafəyə yürüş olimpiya məsafəsi sayıldıqdan sonra bu, bir çox ölkədən yeni idmançıların iştirakına yol açıb. Yeni qaydalar Azərbaycan kanoeçilərinin də qızıl medallar qazanmaq imkanlarını artırır. 200 metrlik məsafəyə yürüşdə qalib saniyələr hesabında müəyyənləşir. Ona görə də ölkəniz bir neçə saniyə ərzində 6 dəst medal əldə edə bilər. Biz həmişə çalışırıq ki, bu yarışlara mümkün qədər çox ölkə cəlb olunsun və daha çox ölkə medal qazanmaq imkanı əldə etsin. Albert Vuds: Xüsusən də Avropa idmançıları (gülür). Xose Perurena: Beynəlxalq Olimpiya Komitəsi bizim müraciətlərimizi müsbət cavablandırdı. Fikrimcə, bu, bütün idmançılar üçün faydalı dəyişikliklərdir. - Qadın kanoesi artıq dünya çempionatının proqramına salınıb. Bəs bu növün olimpiadaların proqramına salınması mümkündür? Xose Perurena: Çox vacib sualdır. Olimpiya hərəkatı o istiqamətdə gedir ki, qadınlarla kişilərin imkanları eyni olsun. Mən qadın kanoesinin olimpiadaların proqramına salınacağına tam əmin deyiləm. Çünki yeni növ 12-16 ildən tez daxil edilə bilməz. Bu qərar İCF tərəfindən verilib. Beynəlxalq Olimpiya Komitəsinin qaydaları çox sadə və konkretdir. Bizim növlər üzrə olimpiadalara 330 lisenziya kvotası, 16 medal ayrılıb. Biz yeni növ təklif etdikdə, bunun başqasının çıxarılması hesabına proqrama salınmasını istəmirik. Ona görə də qısa müddətdə bunun həyata keçiriləcəyinə əmin deyiləm. Fikrimcə, qadınların yarışları kişilərinkinə nəzərən hələ o dərəcədə maraqlı deyil. Ümumiyyətlə, qadın kanoesinin inkişafına tərəfdarıq və gələcəkdə olimpiya proqramına salınmasına çalışacağıq. - Xüsusən, kanoe növünün Avropada daha çox inkişaf etdiyi hamıya məlumdur. London olimpiadasına qitələr üzrə təsnifat yarışlarında Avropaya cəmi 2, digər qitələrə 1 yer veriləcək. Sizcə, Avropa daha çox lisenziya kvotasını haqq etmir? Bu suala cənab Perurenanın da cavab verməsini istərdik… Albert Vuds: Burada bir məsələ var. Əlbəttə, biz bütün ölkələrin əhatə olunmasının tərəfdarıyıq. Amma fakt ondan ibarətdir ki, hazırda kayak və kanoe növləri üzrə medalların 90 faizini avropalı idmançılar qazanırlar. Əlbəttə, mən olimpiadalarda Avropa qitəsindən daha çox idmançının iştirakını istəyirəm. Amma biz bu məsələni digər qitələrdən olan həmkarlarımızla müzakirə edir və çalışırıq ki, onların idmançılarının da iştirakı təmin olunsun. Xose Perurena: Mən də bir məsələyə aydınlıq gətirmək istəyirəm. Olimpiya oyunları 28 federasiya və 204 ölkənin milli olimpiya komitələrinin iştirakı ilə təşkil olunur. Əgər yalnız Avropa qitəsinə daha çox kvota versək, digər qitələr bundan narazı qalarlar. Axı olimpiada 204 ölkə üçün keçirilir. Digər tərəfdən, lisenziyaların 60 faizi dünya çempionatının payına düşdüyü halda, qalanları ayrı-ayrı qitələr arasında bölünür. Dünya çempionatı bu il, qitə çempionatları isə gələn il olacaq. Biz qitələr üzrə bölgüdə çox da ayrıseçkilik edə bilmərik. Bu, təkcə kanoe növündə yox, akademik avarçəkmə, cüdo və qılıncoynatmada da mövcuddur. - Sualım Eçin müəllimədir. Bakıda avarçəkənlərimiz Hərbi Dəniz Qüvvələrinin İdman Klubunda məşğul olurdular. Amma Bayraq Meydanının tikintisi ilə əlaqədar həmin baza sökülüb. İndi Bakıda harada məşq edirlər? 3 milyon nəfərə yaxın paytaxt əhalisi arasında avarçəkməyə marağı olanları Mingəçevir təmin edə bilərmi? Elçin Zeynalov: Əlbəttə, yox. Federasiyamız dəfələrlə Gənclər və İdman Nazirliyi qarşısında bu məsələni qaldırıb ki, Bakıda bir neçə avarçəkmə klubu mövcud olmalıdır. 3 milyonluq əhalisi olan şəhərdə bir neçə avarçəkmə klubu olmalıdır. Xoşagələn haldır ki, cənab Perurena ölkə prezidenti ilə görüşündə bu məsələni qaldırıb. Mənə elə gəlir ki, bu məsələ qısa müddətdə öz həllini tapacaq. Raqif Abbasov: Bildiyiniz kimi, Bakıətrafı regionların inkişafına dair dövlət proqramı var. İstisna deyil ki, Bakının ətraf rayonlarında yeni avarçəkmə bazalarının yaradılmasına yaxın gələcəkdə şahidlik edəcəyik. Xose Perurena: Bir vacib məsələyə də aydınlıq gətirmək istərdim. Klubların bütün regionlar üzrə inkişafı bir məsələdir, yeni komplekslərin tikintisi isə digər. Məsələn, İspaniyada 330 avarçəkmə klubu mövcuddur. 100 min idmançı var. Yüksək səviyyədə yarışlar keçirmək üçün isə 2 kompleks mövcuddur. Ona görə də bunu nəzərə almaq və klubları inkişaf etdirmək lazımdır. - Sualım Elçin müəllimədir. Xüsusən, akademik avarçəkmə üzrə yarışların süni kanallarda keçirilməsi tövsiyə olunur. "Kür” Olimpiya Mərkəzində süni kanalın yaradılması mümkündür? - Fikrimcə, süni kanal ilk növbədə, Bakıda olmalıdır. Gələcək göstərər. Hələlik Mingəçevirdəki bu cür gözəl Kür çayımız var. Süni kanal yəqin ki, nə vaxtsa Bakıda da olacaq. | |
|
| |


