22:28 «PREZİDENT KUBOKU»— DÜNYAYA AÇILAN PƏNCƏRƏ | |
| Mingəçevirilər baharın gəlişini yaddaqalan tədbirlərlə qeyd etdilər.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) Milli Olimpiya
Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdikləri idmanın
avarçəkmə növləri üzrə Beynəlxalq «Prezident Kuboku» reqatası sözün əsl
mənasında tarixə yazıldı. Çünki, biz xəyallarda dolaşan arzularımızın
reallıqlarına qovuşduq, ruhani bir xiffətdən uzaqlaşdıq. Ana Kürün
lilpar qoynu yenidən canlandı, möhtəşəm bir yarışın gedişini izlədik.
Dördulduzlu «Çay sahili» hotelinin ərazisində keçirilən açılış
mərasimində çoxsaylı qonaqlarla yanaşı yüzlərlə tamaşaçı, avarçəkmə
idmanının veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak
etdilər. Mötəbər yarışlara Rusiya Federasiyasının, İran İslam
Respublikasının, Gürcüstanın və Azərbaycanın idmançıları qatılmışdılar.
Yarış iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
etdilər, önünə təzə gül-çiçək dəstələri düzdülər. Sonra idmançıların
paradına baxış keçirildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Avarçəkmə Federasiyasının Prezidenti Elçin Zeynalov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramiz Əliyev iştirakçılara böyük idman bayramı münasibətilə salamladılar. Yekdilliklə qeyd edildi ki, müasir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, ölkəmizin əbədi müstəqilliyinin təminatçısı Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Milli dirçəliş, sosial-iqtisadi inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dünyanın qibtə edəcəyi uğurlarla həyata keçirilir. Gənc nəslin intellektual və fiziki inkişafını fəaliyyətinin proritet istiqamətinə çevirən ölkə başçısı yeni nəslin dostu, qayğıkeşi, hamisi və əyilməz dayağıdır. Heyrət doğuran layihələr sırasında ardıcıllıqla tikilib istifadəyə verilən müasir məktəblər, ali tədris ocaqları, olimpiya idman kompleksləri, stadionlar və qurğular dövlət mexanizminin insan kapitalına xidmətindən xəbər verir. Azərbaycan, sözün əsl mənasında minilliklərin yuxusundan sonra oyanıb, göyün yeddinci qatına doğru ucalan alovlu vulkanı xatırladır. Dinamik inkişaf, tərəqqi, sosial rahatlıq, vətəndaş birliyi, hakimiyyətlə xalqın vəhdəti. Bax budur Vətənimizin bu günkü qüdrətindən xəbər verən əsas amillər. İlham Əliyev gənc nəsli Azərbaycanın gələcək yiyələri adlandırır. Bəli, yeni və güclü bir zümrə formalaşır. On minlərlə yeniyetmə və gənc idman aləminin iştirakçısıdır. Mingəçevirdə yenidən qurulan «Kür» təlim-tədris mərkəzi isə dünyanın bu qəbildən olan idman bazaları ilə rəqabət aparacaqdır. …1980-ci ilin oktyabr ayının 20-də Ulu öndər Heydər Əliyev Mingəçevirə gəlmişdi, «Kür» olimpiya bazasına da baş çəkdi, təlim-məşq toplantısında olan SSRİ yığma komandasının rəhbərləri və üzvləri ilə də görüşdü. Onu müşaiyət edənlərin arasında Sov. İKP MK-nın məsul işçisi Sarokin də vardı, danışıq rus dilində gedirdi. Heydər Əliyev ana dilimizdə direktoru soruşdu, təqdim etdilər, əl tutdu və soruşdu: «Bu yığmanın tərkibində azərbaycanlılar varmı?». Məlum oldu ki, yoxdur. Ali rəhbərimiz sərt şəkildə: «Deməli, işinizi yaxşı qura bilmirsiniz» dedi… …Az keçmədi ki, avarçəkmə üzrə qrupların sayı artırıldı, komandalarımıza yeni qayıqlar verildi, idmançılarımız yüksək nailiyyətlər qazandılar. İttifaqın süqutundan sonra isə nəhəng idman bazası da çökdürüldü, əldən-ələ keçdi, işbazların ixtiyarına verildi. … 20 oktyabr 2000-ci il. APDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Mingəçevirdədir. Dram Teatrın qarşısında on minlərlə insan Azərbaycanın gələcək gənc liderini salamlayır. İlham Əliyev nitqində Azərbaycan gəncliyinin xoş gələcəyinin zəngin palitrasını təsəvvürlərdə canlandırır və belə bir vəd verir: «Vaxtilə çöx böyük əhəmiyyətə malik olan «Kür» Avarçəkmə bazasının yenidən qurulmasına nail olacağam». Alqış sədaları asimana yüksəlir. Sonra fəxri qonaq bazaya baş çəkir və qeyd edir ki, baza ilə bağlı planımız çox genişdir və tezliklə həyata keçirəcəyik. Ötən il Masallıda istifadəyə verilən möhtəşəm Olimpiya idman kompleksinin açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev «Kür» Olimpiya İdman Mərkəzinin tikintisinə özünün ali rəhbər sözünü belə ifadə etdi: «Mingəçevirdə Beynəlxalq avarçəkmə bazası və mərkəzi yaradılır. O vaxtılə sovet məkanında yeganə baza idi ki, il ərzində orada təlim-məşq toplanışları keçirilirdi. Biz indi o bazanı faktiki olaraq yenidən qururuq. Ancaq bir addım da irəliyə getmişik. İndi həm təlim-məşq toplanışlarının keçirilməsi üçün imkanlar yaradırıq, eyni zamanda orada ən möhtəşəm yarışlar, hətta dünya çempionatları keçirmək mümkün olacaqdır. Bütün bu işlər, əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycanın indiki iqtisadi imkanları bizə belə şərait yaradır. İdman sahəsinə qoyulan vəsait insanların sağlamlığına qoyulan vəsaitdir». SÖZLƏ İŞİN ORQANİK VƏHDƏTİ Sözlə işin orqanik vəhdətini qibtəediləcək bir ardıcıllıqla ortaya qoyan ölkə başçımızın xeyir-duası ilə bazanın layihəsi hazırlandı. Texniki təşkilat və tikinti işlərinə rəhbərlik Gənclər və İdman Nazirliyinə və Milli Avarçəkmə Federasiyasına həvalə olundu. Kompleksi tikmək səlahiyyəti isə tendirin qalibi «Serbaz» şirkətinə verildi. İndi köhnəlikdən əsər-əlamət qalmayıb, beynəlxalq standartlı, rəqabətdə öncül sayılacaq möhtəşəm bir olimpiya kompleksi tikilir, Azərbaycanın dilbər guşəsi Mingəçevirdən dünyaya işıq saçan pəncərə açılır. … Beynəlxalq «Prezident kuboku»nun ən önəmli dəyəri, ilk növbədə, dünyaya müjdə xəbəri yaymağa hesablanıb. Vaxtilə Almaniyanın, Polşanın, Çexoslovakiyanın, Rumıniyanın, Finlandiyanın, Bolqarıstanın, Macarıstanın və bir sıra digər dövlətlərin yarış ünvanı olan «Kür» olimpiya bazası yenidən dünyaya arzuolunan sevinc «SOS»-unu göndərdi. Azərbaycan Milli Avarçəkmə Federasiyasının saytında müjdə xəbəri ilk öncə Rusiya idmançılarını sevindirdi. Federasiyamıza saysız-hesabsız təbriklər ünvanlandı. Dəfələrlə dünya, Avropa və Olimpiya çempionları, SSRİ yığmasının bütün dünyada tanınan baş məşqçisi Samsonov və martın 29-da Rusiya Avarçəkmə Federasiyasının Prezidenti seçilmiş Avropa və dünya çempionu Draçevski təbrik edənlər sırasında idilər. ƏLBƏTTƏ, AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BEYNƏLXALQ KANOE FEDERASİYASININ PREZİDENTİ ULRİX FELDHOFFU — ÇOX MÖHTƏRƏM VƏ DÜNYA MİQYASINDA TANINMIŞ BU İDMAN TƏŞKİLATÇISINI QƏBUL ETMƏSİ, FƏXRİ QONAĞIN MİNGƏÇEVİRƏ GƏLİŞİ, BAZANIN TİKİNTİSİ İLƏ TANIŞ OLMASI, YARIŞLARIN GEDİŞİNİ İZLƏMƏSİ ÖLKƏMİZİN İDMAN HƏYATINA TARİXİ HADİSƏ KİMİ YAZILDI. SON DƏRƏCƏ AÇIQ, SADƏ VƏ GÜLƏRÜZ BİR İNSAN OLAN ULRİX FELDHOF «MİNGƏÇEVİR» QƏZETİNİN BAŞ REDAKTORUNA MƏMNUNİYYƏTLƏ MÜSAHİBƏ VERDİ: —Cənab Ulrix, bəri başdan diqqətinizə çatdırıram ki, gəlişinizin bəxş etdiyi sevinc hissi uzun müddət bizi tərk etməyəcək. Beynəlxalq Kanoye Federasiyasının Mənzil Qərargahından Azərbaycana min kilometrlərlə hava yolu qət etmisiniz, ilk öncə ölkəmizin başçısı ilə görüşmüsünüz. Bu gün isə sizi tər-çiçək dəstələri, ilıq məhəbbət və xoş təbəssüm hissi ilə qarşılayan insanların arasındasınız. Təəssüratınızı bölüşdürsəniz, məmnun olardıq. —Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə görüşüm açıq, çox səmimi və dostluq şəraitində keçdi. Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından xəbərdar idim, ancaq, zəngin məlumatı cənab Prezidentdən aldım. Federasiyamız Azərbaycanda avarçəkmənin kanoye növünün inkişafına yaxından dəstək verəcəkdir. İndi Mingəçevirdəyəm, heyranam. Avarçəkmə bazasının qurulması bütünlükdə dünya idmançılarına əla hədiyyədir. İnanıram ki, yaxın gələcəkdə biz Kür çayında keçiriləcək samballı yarışların şahidi olacağıq. —Milli Federasiyamıza təlim-məşq toplantısını burada keçirmək istəyi ilə indidən çox yüksək səviyyələrdə müraciətlər edilir. —Əla, bu nəticədir. Belə də olmalıdır. —Vaxtilə SSRİ-nin yığma və olimpiya komandaları təlim-məşq toplantılarını Mingəçevirdə keçirirdilər. Qızıl medallar burda tökülürdü... —Bilirik, bütün Avropa, dünya bunu bilir. Ölkə dağılandan sonra Rusiyanın komandaları ali yerlər tutmayıblar. Tək bircə çempionları var, o da Almaniyada məşq edir… — Razısınızmı ki, ölkəmizin ali rəhbəri, cənab Prezident İlham Əliyev idmanın çox önəmli bir növünün inkişafına belə dəstək verməklə, həm də qloballaşan dünyanın çox həssas qanadı olan gəncliyə insani münasibətlərin təmas ünvanı üçün möhtəşəm bir forum yaradır? —Təbəssümlə dolu gözlərə baxın, iranlı da, rus da, gürcü də, azərbaycanlı da, elə Ulrix Feldhof da onların, sizlərin arasındadır. Böyük idmanın təntənəsi budur… NÖVBƏ GÜRCÜSTAN RESPUBLİKASININ AVARÇƏKMƏ FEDERASİYASININ PREZİDENTİ LAŞA XURÇİDZEYƏ ÇATDI —Deyəsən, sizi xatırlayıram, əvvəllər Mingəçevirdə olmusunuzmu? —Onluğa vurdunuz, elədir. Özüm Gürcüstan parlamentinin üzvüyəm. Amma, sudan xilas olmaq mümkünsüzdür. Mingəçevir mənim üçün doğmadır, SSRİ-nin yığma komandasının tərkibində aylarla Kürün qoynunda sükan çəkmişəm. Ötən il gəlmişdim, baza sökülürdü. Hörmətli nazir Azad Rəhimovla, Milli Avarçəkmə Federasiyasının Prezidenti Elçin Zeynalovla birgə çox faydalı anlaşmalarımız var. —Yeni tikilən baza ürəyinizə yatırmı? —Qardaşım, bu möcüzədir. Mən cənab Prezident İlham Əliyevin idmana qayğısını heç nə ilə müqayisə etmək belə istəmirəm. Qırmızı Körpüdən üzü bəri Bakıyadək hara baxırsan, yeni idman kompleksləri, stadionlar görünür. Fantastikadır. — Poti və Meletaxdakı bazalarımız istifadədədirmi? —Canlanma var, ancaq sizinki ilə rəqabət mümkünsüzdür. Azərbaycanın idman həyatında Eldarovda bumu yaşanır. Cənab İlham Əliyev Azərbaycanı lider ölkələr sırasına çıxarıb. Prezidentlərimizin dostluğu, xalqlarımızın əsrlərdən bəri formalaşan əsl qardaşlıq münasibətləri bizi möhkəm tellərlə bağlayıb. —Ermənistansa uduza-uduza gedir. —Orda su idmanı üçün də heç bir şərait yoxdur. —Komandanız pis çıxış etmir. —Bizi nəticə deyil, bütün dünyadan görünən bu Al bayraqlar sevindirir…Siz Kürə Ana deyirsiniz… Kür hamımızın anasıdır, dünyanın cazibə məkanıdır. RUSİYANIN GƏNCLƏRDƏN İBARƏT YIĞMA KOMANDASININ BAŞ MƏŞQÇİSİ, ƏMƏKDAR İDMAN USTASI, AVROPA VƏ DÜNYA ÇEMPİONU VLADİMİR LUKYANOV DA MƏMNUNİYYƏTLƏ SÖHBƏTƏ QOŞULUR —Gəncliyimin unudulmaz bir çox məqamları Mingəçevirlə bağlıdır. Keçmiş İttifaqın yığma komandasının tərkibində aylarla Kür çayında məşq edir, burdan isə qızıl ovuna çıxır, dünyanın ən möhtəşəm birinciliklərində hamıdan çox və qiymətli medallar qazanırdıq. —Yenidən qayıdışınız mübarək! —Xeyli vaxtdır gəlmişik, tam heyətlə məşqlər keçiririk. Bazanın tamamilə yenidən, özü də çox müasir bir layihə ilə yenidən qurulmasını bütün Rusiya bilir və sevinirik ki, doğma Kürün qoynundayıq, qonaqpərvər dostlarımızla birlikdəyik. —Reqata barəsində fikrinizi bilmək maraqlı olardı. —Dörd ölkənin komandaları mübarizəyə qoşulublar, həmkarlarımız qeyd ediblər və mən də bu fikirdəyəm ki, Mingəçevirdə qaldırılan bayraq dünyanın hər yerində göründü. Çox yaxın zamanda burada misilsiz yarışlar keçiriləcək, müxtəlif ölkələrin himnləri səslənəcək. İdmanın inkişafına göstərilən diqqət və qayğını biz daha yaxşı dəyərləndirməyi bacarırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni nəslin qenetik fondunun keyfiyyət düsturunu çox düzgün müəyyənləşdirib, axı idman sağlamlığın elekseridir. Sağlam bədəndə isə sağlam ruh olar. On səkkiz yaşına qədər olan idmançıların yarışında qızıl medala layiq görülmüş, tehranlı Əmirhüseyn ürək sözlərini ifadə edir: —Yarışlar yüksək səviyyədə təşkil edilib. Baş məşqçimiz Almaniyalıdır, titullu idmançılarla gəlmişik. Əlaqələrimiz daha çıx olacaq. Komandamıza göstərilən qayğı və diqqətdən razıyıq. AZƏRBAYCAN MİLLİ AVARÇƏKMƏ FEDERASİYASI PREZİDENTİNİN KÖMƏKÇİSİ, ƏMƏKDAR İDMAN USTASI, DƏFƏLƏRLƏ AVROPA VƏ DÜNYA ÇEMPİONU VALERİ DOSENKO XEYLİ MÜDDƏTDİR MİNGƏÇEVİRDƏ YAŞAYIR, MİLLİMİZ ÜÇÜN PERSPEKTİVLİ AVARÇƏKƏNLƏRİN YETİŞDİRİLMƏSİ ÜÇÜN SƏYLƏRİNİ ƏSİRGƏMİR. —Valeri Sergeyeviç, bayramınız mübarək. —Hesab edirəm ki, doğum günümüzdür. Mənim üçün əziz olan bu yerlərə yenidən gəlməyim, Avarçəkmə idmanının inkişafına yardımçı olmağım üzərimə çox məsuliyyətli vəzifələr qoyub. Federasiyamızın yaxın və gələcək perspektiv üçün hazırladığı proqram öz bəhrəsini verəcək. Azərbaycan avarçəkənləri ən mötəbər yarışlara qatılacaqlar. Heç nədən korluğumuz yoxdur. Qayıqlarımız təzə, arzularımız isə ölçüyəgəlməzdir. Təcrübə isə məhz belə önəmli yarışlarda qazanılır. Ümumən isə biz hamılıqla bu böyük idman kompleksini tikdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşısında məsuliyyət daşıyırıq. Azərbaycanın idman həyatının cazibə qüvvəsi isə meridianları ağuşuna çəkir. YEKUN SÖZÜ AZƏRBAYCAN MİLLİ AVARÇƏKMƏ FEDERASİYASININ PREZİDENTİ ELÇİN ZEYNALOV DEYİR: —Bildiyiniz kimi dövlətimizin başçısı cənab İlham Əliyev eyni zamanda Milli Olimpiya Komitəsinin Prezidentidir. Kür Avarçəkmə Bazasının tamamilə yenidən və dünya standartları səviyyəsində tikilməsi də məhz onun təşəbbüsüdür. Bir federasiya olaraq əlimizdən gələni edirik ki, avarçəkmə Milli idman növü kimi layiq olduğu yeri tutsun. Xəzər kimi dənizi, Kür kimi çayı olan bir ölkədə avarçəkmə, şübhəsiz ki, dominant mövqeyə çıxmalıdır. İlkin nəticələr sevindiricidir. Baza sürət və yüksək keyfiyyətlə tikilir. Milli yığmamızı formalaşdırırıq. Təcrübəli məşqçilər dəvət etmişik. İlin idman təqvimi gərgindir. Bir sıra mötəbər yarışlara qatılacağıq. Yeniyetmələrimiz Sinqapur və London Olimpiadalarında iştirak etmək üçün çalışacaqlar. Mütəxəssisələr yaxşı bilirlər ki, Avarçəkmə idmanın çox çətin və asan yolu olmayan bir növüdür. İllərin gərgin məşqi gərəkdir. Seçim məsələsində çox ciddi problemlərlə üzləşirik. Lakin, Federasiyamızın yarandığı 15 ay müddətində əldə olunan uğurlar bir daha göstərir ki, Azərbaycan avarçəkənləri mötəbər yarışlarda Vətənimizin himnini səsləndirəcək, bayrağını qaldıracaqlar. Bu gün İran komandasının baş məşqçisi, almaniyalı Rudi Gerhaft tikilən bazamıza, buradakı şəraitə baxır və deyir ki, təsəvvürümə gəlməzdi ki, dünyada belə bir gözəl guşə olsun. Bu o deməkdir ki, yaxın gələcəkdə dünyanın ən nüfuzlu komandaları öz təlim- məşq toplanışlarını Mingəçevirdə keçirəcək, beynəlxalq yarışların iştirakçıları olacaqlar. Federasiyamız sınaqlardan layiqincə çıxır, sabahın uğurlarının təməlini möhkəm zəmin üzərində qurur. Mən yarışların təşkilinə çox yaxından kömək göstərən Gənclər və İdman Nazirliyi, mingəçevirlilərin ünvanına dərin minnətdarlığımı çatdırmağı özümə borc bilirəm. Reqata məqsəd və məramımız yolunda atdığımız ilk addımların nəticələrini ortaya qoydu, sabaha olan inamımızı qat-qat artırdı. Odur ki, ürəkdən deyirəm: "Reqata uğurla başa çatdı, reqatanın yolunuz gözləyirik". N.RÜSTƏM | |
|
| |

