21:48 Rusiyanın akademik avarçəkmə üzrə yığma komandası təlim-məşq toplantısı keçmək üçün Mingəçevirə gəlib | |
| Rusiyanın akademik avarçəkmə üzrə yeniyetmə qız və oğlanlardan ibarət yığmaları, habelə böyüklərdən ibarət ikinci milli komandası Azərbaycana təlim-məşq toplantısına gəlib. Qonşu ölkənin avarçəkənləri Mingəçevir şəhərindəki «Kür» Təlim-Tədris Mərkəzində 41 gün ərzində hazırlıq prosesi keçəcəklər. Nümayəndə heyətinə 5 məşqçi və 41 idmançı daxildir. Toplanış iki mərhələyə bölünəcək. Birinci mərhələ 16 fevral – 7 martı, ikinci mərhələ isə 8 – 27 martı əhatə edəcək. Onlar hazırda Mingəçevirdə təlim-məşq toplantısında olan Azərbaycan yığması ilə birgə hazırlıq prosesi keçəcəklər ki, bu da idmançılarımızın hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Rusiya idmançıları 26 - 30 martda həmin şəhərdə keçiriləcək beynəlxalq «Prezident Kuboku» reqatasında da qüvvələrini sınayacaqlar. | |
|
| |

