21:14 Yeniyetmə və gənc kayak və kanoeçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar | |
| İyulun 29-da Rusiyanın paytaxtı Moskvada kayak və kanoe qayıqlarında
avarçəkmə üzrə yeniyetmələr (U-18) və gənclər (U-23) arasında Avropa
çempionatı start götürəcək. 39 ölkənin qatıldığı qitə birinciliyində
Azərbaycanı 5 avarçəkən təmsil edəcək. Onlardan 3-ü yeniyetmələrin, 2-si isə gənclərin mübarizəsinə qatılacaq. 14 – 26 avqustda Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Radoslav Kutsev 18 yaşlı kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) yarışında 1000 metr məsafəyə yürüşdə qüvvəsini sınayacaq. Ölkəmizə həmin lisenziyanı qazandırmış, lakin təvəllüdü imkan vermədiyi üçün olimpiadaya gedə bilməyəcək Andrey Kraytor eyni kateqoriyalı qayıqla 200 metr və 500 metr məsafələrə yürüş edəcək. 18 yaşlı kayakçıların mübarizəsində isə Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəni qət edəcək. 23 yaşlıların yarışında ölkəmizi Mirnazim Cavadov – Rüfət Vəlizadə dueti təmsil edəcək. Onlar 2 nəfərlik kayak qayığı (K-2) ilə 500 metr və 1000 metr məsafələrə yürüşə qatılacaqlar. Çempionata avqustun 1-də yekun vurulacaq. "Krılatskoe” avarçəkmə kanalında təşkil olunacaq yarışa komandamız kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi Yohan Tsülke və onun köməkçisi Fikrət Zeynalovun rəhbərliyi altında hazırlaşıb. Avarçəkənlərimiz qitə birinciliyi öncəsi Polşada təlim-məşq toplantısında və müxtəlif beynəlxalq turnirlərdə iştirak ediblər. Qeyd edək ki, Rüfət Vəlizadə, Mirnazim Cavadov və Andrey Kraytor 2009-cu ildə elə Moskvada təşkil olunmuş 18 yaşlılar arasında dünya çempionatında mübarizə aparıblar. Onlardan Kraytor 500 metr məsafəyə yürüşdə 6-cı yeri tutub. Cavadov – Vəlizadə dueti isə yarımfinaladək irəliləyə bilib. | |
|
| |

